BAKI, 5 may. TELEQRAF
Qarşıdan gələn konklavda (yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı - red) səs vermək hüququna malik olan 133 kardinal yeni Papanın seçilməsi üçün Roma şəhərinə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidmətinin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Onlar konklava hazırlıq prosesində görüşlər keçirərək, kilsə ilə bağlı müxtəlif mövzulara dair müzakirələr aparacaqlar.
Vatikan mətbuat xidmətinin direktoru Matteo Bruninin verdiyi məlumata görə, onuncu Ümumi Yığıncaqda ümumilikdə 179 kardinal iştirak edib, bunlardan 132-si isə seçici kardinallardır. Konklavdan əvvəl isə Roma şəhərində 133 seçici kardinalın hamısı iştirak edəcək.
Kardinallar Kollecinin dekanı Giovanni Battista Re, həmçinin, kardinal Kevin Farrellin şənbə günü günortadan sonra kardinalların otaqlarını ayırmaq üçün püşkatma keçirəcəyini açıqlayıb.
Bundan əvvəl məlum olub ki, yeni Papanın seçilməsi məqsədilə konklav mayın 7-də başlayacaq. Seçkilər, gündə iki dəfə qapalı səsvermə yolu ilə keçirilir və seçiləcək papanın müəyyən olunması üçün səs çoxluğunun üçdə ikisini toplamaq lazımdır.