Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-publisist Reyhan Mirzəzadənin yeni nəşr olunmuş “Səhra qartalı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İkinci Dünya müharibəsinin 80 illiyi və sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureat Mixail Şoloxovun anadan olmasının 120 illiyi ilə bağlı film nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə kitab barədə məlumat verib. Onun sözlərinə görə, yeni nəşr olunan əsər İkinci Dünya müharibəsinin 80 illiyi çərçivəsində görkəmli rus yazıçısı Mixail Şoloxovun həyatı və yaradıcılığına həsr olunub. “Nəfis tərtibatla çap olunan kitabda təkcə Azərbaycan qəhrəmanları deyil, həm də dost və qardaş xalqların müharibədə göstərdikləri fədakarlıqlar geniş şəkildə əks olunub. Kitab maraqlı tarixi faktlar, ədəbi irs nümunələri və müharibə mövzusuna dair nadir poeziya parçaları ilə zəngindir. 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Şoloxovun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafına da təsir göstərib. Keçmiş və müasir yazıçılarımız onun irsinə böyük maraqla yanaşır və onu öyrənməyə çalışırlar”,- deyə A.Mirzəzadə əlavə edib.
Kitabın müəllifi Reyhan Mirzəzadə yeni kitabı barədə məlumat verib: “ikinci Cahan savaşında Azərbaycan xalqı misilsiz qəhrəmanlıq göstərib. 700 minə yaxın azərbaycanlı döyüşlərə qatılıb, cəbhədə və arxa cəbhədə fədakarlıqla çalışıb. Bakı nefti SSRİ-nin hərbi texnikasının əsas qaynağına çevrilib. Oğul və qızlarımız cəsarətlə vuruşaraq orden və medallarla təltif olunub. Həkimlərimiz isə yaralanmış minlərlə əsgəri həyata qaytarıb. Müharibə dövründə və ondan sonra elm, sənaye, kənd təsərrüfatı, mədəniyyət və incəsənətdə çalışan azərbaycanlılar da fədakarlıq göstərib. Xalqımız Sovet İttifaqı qəhrəmanları ilə haqlı olaraq fəxr edib. Hər xalqın mədəniyyət tarixində parlaq şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın mənəviyyatını zənginləşdirir. Belə şəxsiyyətlərdən biri də dünyaşöhrətli yazıçı Mixail Şoloxovdur. O, həyatını iki müharibə, siyasi qarşıdurmalar dövründə yaşayıb, 1941–1945-ci illərdə isə alman faşizminə qarşı mübarizədə fəal iştirak edib. Şoloxov fitri istedada malik, vətənpərvər bir sənətkar idi. Onun fikrincə, vətənini sevməyən, onun tarixini bilməyən sənətkar xalqı üçün dəyərli bir əsər yarada bilməz”.
Daha sonra tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev və digər çıxışçılar Reyhan Mirzəzadənin çoxşaxəli yaradıcılığından, onun ədəbiyyata verdiyi töhfələrdən danışıblar. Onun müəllifin “Səhra qartalı” əsərinin tarixi və ədəbi baxımdan əhəmiyyətini vurğulayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.