Rumıniyada keçirilmiş təkrar prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən, Milliyyətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion seçkilərin qalibi olub.
Teleqraf xəbər verir ki, Corce Simion səslərin 40,96 faizini toplayıb.
İkinci yerdə Rumıniya paytaxtı Buxarestin müstəqil meri olan Nikuşor Dan qərarlaşıb – o, seçicilərin 20,99 faizinin dəstəyini qazanıb.
Simion, həmçinin xaricdə yaşayan rumınlar arasında da üstünlük qazanıb – 99,99 faiz səslərin hesablanmasından sonra o, 69,99 faiz səs toplayıb. Nikuşor Dan isə 25,45 faizlə ikinci olub. Seçkilərdə iştirak edənlərin ümumi sayı 53,21 faiz təşkil edib.
İkinci tur seçkiləri mayın 18-də baş tutacaq. Bu mərhələdə seçicilər Corce Simion ilə Nikuşor Dan arasında seçim edəcəklər.
Qeyd edək ki, Rumıniyada prezident seçkiləri təkrar keçirilir. Ötən il, 24 noyabr 2024-cü ildə baş tutan ilk turun nəticələri Rumıniyanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi. Səbəb olaraq milliyyətçi namizəd Kalin Corceskunun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, seçki prosesində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və sübuta yetirilməmiş, lakin ehtimal olunan xarici – o cümlədən Rusiya müdaxiləsi göstərilmişdi.