BAKI, 5 may. TELEQRAF
OPEC+ ölkələrinin iyunda neft hasilatını artırmaq barədə verdiyi qərar, beynəlxalq bazarlarda təklifin artacağına dair gözləntiləri gücləndirib. Bu addım, eyni zamanda, təşkilata üzv olan bəzi ölkələrin – xüsusilə Qazaxıstan və İraqın – hasilat kvotalarına əməl etməməsinə qarşı cəza xarakteri daşıyır. Nəticədə, “Goldman Sachs”, “Barclays” və “Morgan Stanley” kimi iri maliyyə institutları “Brent” və “WTI” markalı neftin qiymətləri ilə bağlı 2025 və 2026-cı illər üzrə proqnozlarını aşağı salıblar. Xüsusilə OPEC+ ölkələrinin iyun ayında hasilat artırmaq qərarı və ABŞ-nin enerji, ticarət siyasətindəki qeyri-sabitlik qiymətlərin gələcək trayektoriyası ilə bağlı suallar yaradıb.
İqtisadçı Xalid Kərimli Teleqraf-a açıqlamasında bildirib ki, OPEC+ gələcəkdə 2,2 milyon barel hasilat məhdudiyyətini aradan qaldırsa, neft qiymətləri kəskin düşə bilər:
"OPEC+ hasilatın 411 min barel artırılması ilə bağlı qərar verdi. Bu qərar hələ "OPEC+"in pandemiyadan bəri verdiyi məhdudlaşdırma qərarlarının tam aradan qalxmamasına gətirib çıxarıb. OPEC+ gələcəkdə 2,2 milyon barel hasilat məhdudiyyətini aradan qaldırarsa, neft qiymətləri indikindən 50% aşağı da enə bilər. Yəni, 40 dollara qədər ucuzlaşma istisna deyil. Amma bu OPEC+ ölkələrinin özlərinin zərərinə olacaq. Ona görə güman etmirəm ki, OPEC+ kəskin qiymət enişinə razı olsun. Təşkilatın son artırm qərarı ABŞ-nin təzyiqləri fonunda baş tutur. Amma 4000 barel hələ problemli məsələ deyil".
İqtisadçı Qazaxıstan və İraq kimi ölkələrin hasilatla bağlı kvotanı aşmalarının gələcəkdə OPEC+ daxilində daha ciddi parçalanmaya səbəb olacağı yönündə fikirlərə də aydınlıq gətirdi:
"Güman etmirəm ki, Qazaxıstan və İraq kimi ölkələr “OPEC+”in dağılmasında maraqlı olsun. Çünki "OPEC+"in dağılması qiymətlərin tənzimlənməməsinə gətirib çıxara bilər. OPEC-in və "OPEC+"in yaradılmasının əsas səbəbi bu ölkələrin birgə maraqlarıdır. Birgə maraqları da neft hasil edib, yaxşı qiymətə satmaqdır".
Xalid Kərimlinin sözlərinə görə, ABŞ prezidenti seçki öncəsi təbliğatında, eləcə də sonrakı çıxışlarında enerji qiymətlərinin ucuzlaşmasını əsas hədəf kimi götürüb:
"Birincisi, OPEC-in hasilatının artırılması üçün Səudiyyə Ərəbistanına təzyiq göstərirlər. Bunu birbaşa və dolayı kanallarla edirlər, yəni artıq gizlətmirlər. Burada əsas məqam öz hasilatlarını artırmaq üçün şərtlər formalaşdırmaqdır. Bilirsiniz ki, əvvəlki hakimiyyətin dövründə kəşfiyyat üçün məhdudiyyətlər tətbiq edilirdi, yeni sahələrdə neft axtarılmırdı. Bundan başqa alternativ enerji istehsalçılarına subsidiyalar verilirdi. Amma hazırkı Ağ Ev rəhbərliyi əks siyasət aparır.
ABŞ-nin bu qərarlarının neft bazarlarına təsiri qısa müddətli dövrdə mümkünsüzdür. Yəni, hasilatı kəskin artıra bilmirlər. Kəşfiyyatdan hasilata keçmək bir qədər zaman alan prosesdir. Belə nəticəyə gəlmək olar ki, neftin ucuzlaşması ABŞ-nin hazırkı enerji siyasətindən çox, ticarət siyasətinin nəticəsidir. Çünki tariflər dünya iqtisadiyyatının inkişafını ləngidir".