Asiya İnkişaf Bankı (AİB) öz əsas missiyasına - yoxsulluğun azaldılması və bazar yönümlü iqtisadi artımın təmin edilməsinə qayıtmalıdır.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-in Böyük Britaniyadan olan idarəçisi Ketrin Uest AİB idarə heyəti şurasının biznes-sessiyasında etdiyi çıxışda bildirib.
"Onilliklər ərzində Asiya İnkişaf Bankı region ölkələrinə iqtisadiyyatlarını inkişaf etdirməkdə, yoxsulluğun səviyyəsini azaltmaqda, özəl sektor investisiyalarını artırmaqda, özəl sektorda iş yerləri yaratmaqda və xarici yardımdan asılılığı azaltmaqda yardım göstərib.
Biz bunu uzunmüddətli şəffaf və əlçatan maliyyələşdirmə, eləcə də, geniş texniki dəstək vasitəsilə həyata keçiririk. Bu da ölkələrə inkişaf prioritetlərinə sərmayə yatırmaq və digər kreditorların məcburi və qeyri-şəffaf şərtləri ilə kreditləşməsinə müqavimət göstərmək imkanı verir", - deyə Uest bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya bu əsas prioritetlərin Tramp administrasiyasının ABŞ-də, Asiyada, Sakit okean regionunda və bütövlükdə dünyada daha təhlükəsiz, davamlı və rifahlı iqtisadiyyatların gücləndirilməsinə yönəlmiş səyləri ilə uyğunlaşdırılması potensialını görür.
"Lakin bizi narahat edən məqam budur ki, AİB öz əsas missiyasından çox uzaqlaşıb. Biz bankın yenidən əsas məqsədlərə - yoxsulluğun azaldılmasına və bazar yönümlü iqtisadi artıma fokuslandığını görmək istəyirik. Öz missiyasına qayıdan bank səmərəli və nəticəyönümlü fəaliyyət göstərməlidir - özəl investisiyaları səfərbər etməli, iqtisadi artımı məhz özəl sektor hesabına stimullaşdırmalı, bazarları inkişaf etdirməlidir.
Bank iqtisadi hərəkətverici qüvvəni dəstəkləyərkən enerji yoxsulluğunun aradan qaldırılmasına fokuslanmalıdır ki, bu da investisiya axınını təmin etsin və artımı sürətləndirsin. Biz bankı enerji sahəsində kompleks yanaşmanı tətbiq etməyə və ölkələrə əlçatan təməl enerji istehsalını təmin edə biləcək bütün texnologiyalara - məsələn, atom enerjisinə - çıxış imkanını yaratmağa çağırırıq", - deyə Böyük Britaniyanın AİB üzrə idarəçisi vurğulayıb.
O, həmçinin, qeyd edib ki, resurslardan səmərəli istifadə daha az inkişaf etmiş ölkələrə daha çox diqqət yetirilməsini tələb edir. Çünki məhz bu ölkələrdə AİB-in dəstəyi yoxsulluqla mübarizədə və iqtisadi artımda ən böyük təsiri göstərir. Bununla yanaşı, daha yüksək gəlirli və digər maliyyə mənbələrinə geniş çıxışı olan ölkələrdə "çıxış" siyasətinin tətbiqi də vacibdir.
"İnkişafın səmərəliliyi və nəticəliliyi, həmçinin, yüksək keyfiyyətli və qiymətə görə deyil, nəticəyə görə daha əlverişli olan satınalma prosedurlarının düzgün icrasını tələb edir. Bu, ölkələrin uzunmüddətli potensialının inkişafı və ədalətli rəqabətin təmin olunmasına da dəstək verməlidir, - əlbəttə ki, dövlət subsidiyalarının və aşağı standartların təşviqinə yol vermədən.
Daha çevik və sürətli əməliyyatlar vacibdir, lakin bunlar keyfiyyət və şəffaflıqla yanaşı həyata keçirilməlidir. Bankın əsas missiyasına qayıtması qlobal iqtisadi artıma və sabitliyə töhfə verəcək, hər kəs üçün birgə inkişafa yol açacaq", - deyə Ketrin Uest yekunlaşdırıb.