AZ

Ankarada “Heydər Əliyev Doğum Həftəsi” tədbirləri başlayıb

Türkiyənin paytaxtı Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev Doğum Həftəsi” tədbirləri başlayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, silsilə tədbirlər Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) və Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Bu tədbirlər çərçivəsində Ankaradakı Şuşa Konqres Mərkəzində bu gün “Heydər Əliyev və Türk Dünyası” paneli təşkil olunub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və TADİV sədri Aygün Attar açılış çıxışları edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və mirası, Türk dünyasının birliyi üçün fəaliyyətindən danışıblar.

Paneldə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının Türkiyədəki səfirləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin rəsmisi Ayşe Üzer Azərbaycan xalqının Ümummilli Liderinin Türk dünyasındakı yerindən danışıblar, onun yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ən böyük liderlərindən biri olduğunu vurğulayıblar.

Panelin davamında türkiyəli jurnalist professor Aysel Sadak İltaşın “İnsan ürəyi ilə Heydər baba” kitabının təqdimatı baş tutub. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, millət vəkili Ayyüce Türkeş və Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və şəxsi xarakterindən bəhs ediblər.

Paneldə Türkiyədən dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpus nümayəndələri, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq idman çempionatının açılışı olub.

Seçilən
0
2
report.az

3Mənbələr