London, 5 may, AZƏRTAC
Londonda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə təntənəli hərbi parad və yürüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirə Böyük Britaniya kralı III Çarlz, kraliça Kamilla, kral ailəsinin digər üzvləri, dövlət rəsmiləri, xarici ölkələrin nümayəndələri və müharibə veteranları qatılıb. Parad Parlament meydanından başlayaraq “Whitehall” boyunca davam edib, daha sonra “Admiralty Arch”dan keçərək “The Mall” küçəsi ilə Bukinqem sarayının qarşısındakı Kraliça Viktoriya abidəsi önündə başa çatıb. Minlərlə London sakini və turist prosesi izləmək üçün küçələrə toplaşıb.
Yürüşdən dərhal sonra Bukinqem sarayının üzərindən möhtəşəm hava nümayişi (flypast) keçirilib. Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin təşkil etdiyi nümayişdə İkinci Dünya müharibəsinə aid klassik təyyarələrlə yanaşı, müasir hərbi hava vasitələri və məşhur “Red Arrows” akrobatik qrupu da iştirak edib. Nümayişi kral ailəsi və dəvət olunmuş qonaqlar sarayın eyvanından izləyiblər.
Böyük Britaniyada VE Day (Victory in Europe Day – Avropada Qələbə Günü) hər il mayın 8-də qeyd olunur. Bu tarix 1945-ci ildə nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropada müharibənin sona çatmasının rəmzidir. Builki tədbirlər 80 illiyə həsr olunmuş xüsusi proqram çərçivəsində daha geniş şəkildə qeyd edilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London