Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəlikdən sonra mayın 7-də işə qayıdacaq.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Pink telekanalı xəbər verir.
Serbiya liderinin administrasiyası Vuçiçin ilk iş günündə Böyük Britaniya və Rusiyanın Belqraddakı səfirlərini qəbul edəcəyini bildirib.
Çərşənbə axşamı dövlət başçısının millətə müraciəti gözlənilir.
Baş nazirin birinci müavini, maliyyə naziri Siniša Mali əvvəllər Vuçiçin bir neçə günlük bütün planlarını ləğv etdiyini, lakin 9 May tarixində Moskvaya səfərdən imtina etmədiyini bildirmişdi. Dövlət başçısının əvvəllər müraciət etdiyi Hərbi Tibb Akademiyasının kardioloqu Draqan Dinçiç qeyd edib ki, Vuçiçin səhhəti stabil və qənaətbəxşdir, lakin o, bir neçə gün ərzində iş vəzifələrini tam həcmdə yerinə yetirə bilməyəcək.