ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı spekulyasiyalar səngimək bilmir. Bu söz-söhbətlərə səbəb olan əsas faktlardan biri Trampın rəsmi mağazasında "Trump 2028" yazılı məhsulların satışa çıxarılmasıdır.
Milli.Az xəbər verir ki, "TİME"a verdiyi müsahibədə Tramp bu suallardan yayınaraq "Mən boşluqlara inanmıram, istifadə etməyə də meylli deyiləm" deyib. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs yalnız iki dəfə prezident ola bilər və bu, Tramp üçün nəzəri cəhətdən sonuncu müddət deməkdir.
Lakin məsələ bununla bitmir. Aprelin 28-də "The Atlantic"ə verdiyi müsahibədə Tramp üçüncü dəfə namizədliyini irəli sürmək niyyətində olmadığını bir daha bildirib. Bu açıqlamasına baxmayaraq, spekulyasiyalar davam edir.
NBC-nin "Meet the Press" proqramına mayın 4-də qatılan Tramp bu dəfə məsələni aydınlaşdıraraq, üçüncü müddətə namizədliyə qarşı olduğunu bir daha vurğulayıb:
"Mən dörd gözəl il yaşayıb onu kiməsə təhvil vermək istəyirəm. İki müddətlik prezidentlik mənim üçün kifayətdir" - deyə Tramp bildirib.
Bununla belə, Tramp əlavə edib ki, üçüncü müddət üçün ona "heç vaxt olmadığı qədər" təzyiq göstərilir və çoxlu sayda insan bunu etməsini istəyir. Lakin o, MAGA ("Make America Great Again") hərəkatının artıq onun iştirakı olmadan da güclü şəkildə davam edə biləcəyini söyləyib.
Milli.Az