Afrikada badmintonun inkişafına böyük dəstək verən Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyasının illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb.
ABF-dən 90deqiqe.Az-a verilən məlumata görə, qurum Dünya Badminton Federasiyasının Şurasına qoşulub.
Çinin Siamen şəhərində keçirilən Dünya Badminton Federasiyasının 86-cı illik Baş Toplantısında ABF-nin prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyası Şurasına Avropadan 4 il müddətinə üzv seçilib.
143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən Dünya Badminton Federasiyasının illik toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul 4 il müddətinə quruma prezident seçilib.
T. Ziyadov bildirib ki, Dünya Badminton Federasiyası Şurasında Azərbaycanın rolu ölkədə bu idman növünün inkişafına böyük töhfə verəcək.
Azərbaycan Dünya Badminton Federasiyası reytinqində 85-ci pillədən 46-cı sıraya yüksəlib. Ölkəmiz beynəlxalq badminton tədbirlərinə - 2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqresinə və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.
ABF dünya badmintonun inkişafına və təbliğatına ciddi dəstək verir. "Shuttle Time" kimi proqramlara töhfə verən ABF Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları - raketka və volanla təmin edib.
1962-ci ildə təsis olunan federasiya beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.