AZ

Elcan Hacıyev: “Paris-2024-dən sonra çox ağır günlərdən keçdim”

“Çempion olacağımı bilirdim”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev deyib.

O, Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirindəki çıxışını dəyərləndirib. Karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq yaşayan cüdoçu qələbə təəssüratlarını bölüşüb.

Hacıyev bildirib ki, bu yarışı uzun müddət səbirsizliklə gözləyib: “Paris-2024 Yay Olimpiya Oyunlarından sonra çox ağır günlərdən keçdim. İki əməliyyat oldum və ilk yarışımda qızıl medal qazandım”.

Finalda millimizin digər üzvü Vüqar Talıbovla qarşılaşan Hacıyev həlledici görüşü xüsusilə fərqləndirib: “Çətin deməzdim, ancaq aylarla arenalardan uzaq qaldığım üçün ilk görüşüm bir qədər fərqli oldu. Üstəlik, tacik idmançı ilə həmin atmosferdə qarşılaşma asan deyildi. Ancaq əsas odur ki, qalib gəldim. Final görüşü isə çətin keçdi. Həmyerlimiz Vüqar Talıbovu məğlub edib qızıl medal qazandım. Bu yarışda özümə çox inanırdım. Zədəli olduğum vaxtlarda arenaya çıxacağım günü səbirsizliklə gözləyirdim. Əvvəlcədən də demişdim ki, necə başlamışamsa, yenidən o cür davam edəcəm”.

Qeyd edək ki, Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə almışdı.

Aytac Sahəd
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr