ABŞ Ukrayna ilə minerallar (faydalı qazıntılar) haqda müqavilənin imzalanmasından sonra Kiyevə 50 milyon dollar məbləğində silah və hərbi texnika satmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Kyiv Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Tədarüklər birbaşa satışlar yolu ilə həyata keçiriləcək. Nəşrin yazdığına görə, bu, Donald Trampın ABŞ prezidenti postuna gəlişindən sonra Vaşinqtonun Ukrayna ilə bağlı ilk belə sövdələşməsi olacaq. Belə ki, öncəki hərbi yardımdan fərqli olaraq, tədarüklər sırf kommersiya əsaslarında həyata keçiriləcək.
Qeyd edək ki, mayın 1-də ABŞ və Ukrayna minerallar haqda müqavilə bağlayıb. Məlumata görə, sənəddə Ukrayna üçün birbaşa təhlükəsizlik təminatları nəzərdə tutulmayıb. Lakin sənəd ABŞ-nin gələcəkdə göstərəcəyi hərbi yardımların Vaşinqtonun ümumi investisiya fonduna töhfəsi kimi qəbul olunmasına imkan verir.
ReAL partiyasının sədri Natiq Cəfərli Bakıvaxtı.az-a deyib ki, mineral anlaşması təhlükəsizlik zəmanətinin bir formasıdır.
Onun sözlərinə görə, Ukraynaya başqa formada təhlükəsizlik zəmanəti vermək mümkün deyildi:
"Bundan öncəki təhlükəsizlik zəmanətləri işləmədi. 1990-cı illərdə Ukraynanın ərazi bütövlüyü və suverenliyi müqabilində nüvə silahından imtina etməsi, həm ABŞ, Rusiya və Avropa İttifaqı ölkələri tərəfindən dəstəklənmişdi. Amma bu təhlükəsizlik çətiri özünü doğrultmadı. Bu gün Ukrayna ərazisinin böyük qismi Rusiya tərəfindən işğal altındadır. İndiki mineral anlaşması isə təhlükəsizliyin başqa formasıdır. Çünki məntiqlə Ukrayananın təhlükəsizliyini təmin etməyin iki yolu var. Ya Ukrayna NATO-ya qəbul olunmalıdır, ya da ABŞ Kiyevə təhlükəsizlik zəmanəti verərək öz qoşunlarını, hərbi bazalarını ora yerləşdirilməlidir. Bunların hər ikisi ən azından Rusiya ilə münasibətlərin tənzimlənməsində qəbuledilməz faktorlardır".
Natiq Cəfərli: Ya Ukrayna NATO-ya qəbul olunmalıdır, ya da...
Analitikə görə, Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil:
"Amerika da Rusiya ilə hərbi cəhətdən üz-üzə gəlmək istəmir. Çünki iki nüvə dövlətinin qarşıdurması çox ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də ABŞ-nin elə əvvəldən düşüncəsi odur ki, mineral anlaşması vasitəsi ilə Ukraynaya iqtisadi, siyasi və hərbi təhlükəsizlik çətirinin yaradılması uğrunda işlər aparılsın”.
Bu saziş ratifikasiyadan keçsə və işləməyə başlasa, Ukrayna ərazisindəki infrastrukturlar, faydalı qazıntıların olduğu yerlər məntiqlə həm də ABŞ-nin qoruması, nəzarəti altına keçəcək:
"Bu da ABŞ-yə Rusiyanı çəkindirmək üçün hüquqi əsas yaradacaq".
Aydın Baxış