AZ

Harri Keyn karyerasında ilk qənimətindən danışdı

Artıq məlum olduğu kimi, “Bayern” 2024/2025-ci illər mövsümünün Almaniya Bundesliqasının qalibi adını qazanıb.

Arena.az məlumat verir ki, “Bayern”, çempionluq yarışında əsas rəqibi “Bayer”in Bundesliqanın 32-ci turunda “Frayburq”la səfər oyununda (2:2) xal itirməsi ilə, cari mövsümün Almaniya çempionu adını erkən surətdə bayram edib.

Münhen klubunun 31 yaşlı ingilis ulduzu, mərkəz hücumçusu Harri Keyn nəhayət “şeytannı qıçını sındıraraq”, futbolçu karyerasında ilk qənimətini qazanıb.

Həmin anlarda sevincindən dili söz tutmayan, duyğuları aşıb-daşan Keyn ilk növbədə özünün sosial şəbəkə hesabları üzərində kubok şəklində bircə emodzi paylaşıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 44 oyuna çıxıb, 36 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 89 oyun, 80 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Keyn 24 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 8 məhsuldar ötürmə də var.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 105 oyuna 71 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr