May ayının 2-si "Atəşgah" Sığorta Şirkətinin baş ofisində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar irsinin işıqlandırılması və gələcək nəsillərə çatdırılması istiqamətində xüsusi tədbir təşkil olundu.
Ulu Öndərin doğum gününün 102-ci ildönümü ərəfində baş tutan tədbirin fəxri qonağı Heydər Əliyevlə uzun illər çalışan, onun şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırov və onun həyat yoldaşı, rəssam Nigar Bağırova olub.
Əməkdaşların böyük marağına səbəb olan görüşdə qonaq Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti və insani keyfiyyətlərinə dair dəyərli xatirələrini bölüşüb. O, Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoları haqqında ətraflı məlumat verərək, həmin şəkillərin çəkilişi zamanı yaşanan maraqlı hadisələri də iştirakçılarla paylaşıb.
Rafiq Bağırovun təqdim etdiyi fotoşəkillər təkcə tarixi sənəd deyil, həm də bir liderin xalqına və dövlətinə olan xidmətlərinin vizual salnaməsi kimi təqdim olundu. Tədbir boyu Ulu Öndərin irsi, onun dövlət quruculuğu sahəsində gördüyü misilsiz işlər və gələcək nəsillərə qoyduğu mənəvi miras ön plana çəkilib.
Tədbirin sonunda iştirakçılar qonağa suallar ünvanlayaraq səmimi müzakirələr apardılar və onunla xatirə şəkli çəkdirdilər.
Tədbir iştirakçılar tərəfindən yüksək dəyərləndirildi və Ulu Öndərin xatirəsinə göstərilən bu hörmət böyük rəğbətlə qarşılandı.