"Araz-Naxçıvan" futzal üzrə yüksək liqanın 16-cı turunda "Baku Fire"ı məğlub etməklə (2:0) liderliyini möhkəmlətdi. "Qırmızı-ağlar" indi ən yaxın izləyicisi "Neftçi"ni 3, "Baku Fire"ı 5 xal qabaqlayır.
Muxtar Respublika təmsilçisinin baş məşqçisi Yevgeni Kukseviç 16-cı tur qarşılaşmasından sonra "Football-plus.az"a qısa müsahibə verdi.
- Çempionluq uğrunda mübarizə aparan rəqiblərinizdən öndəsiz. Bunu nəyin hesabına bacardız?
- Əzmkarlıq, birlik göstərərək, ciddi əmək sərf edərək liderliyə yüksəldik. Klub rəhbərliyindən fizioterapevtə qədər hər kəs vahid amal uğrunda çalışdı və istəyimizə çatdıq.
- Kollektivin durumu necədi? Burdakı vəziyyət sizi qane edirmi?
- Komandada ab-hava gözəldi. Klub rəhbərliyi istənilən şəraiti yaradıb. Oyuna yaxşı hazırlaşırıq, məşqlər keçirik. Bunun üçün rəhbərliyə təşəkkür edirəm. Görülən işlərin nəticəsidi ki, yanvardan bu günə qədər bütün oyunlarda qalib gəlmişik. Qazanılan uğurlarda təkcə mənim yox, oyunçuların da böyük əməyi var.
- "Araz-Naxçıvan"da fiziki və psixoloji vəziyyət necə tənzimlənir?
- Hər şey yaxşıdı. Həm "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov, həm də mən futzalçılarla fərdi şəkildə söhbət edir, lazımi səviyyədə məsləhət veririk. Fiziki duruma isə yalnız mən cavabdehəm. Düşünürəm ki, bu baxımdan çempionatın ən güclü komandası bizik.
- İndidən Çempionlar Liqasına hazırlaşacağınızı düşünmək olarmı?
- Çempionlar Liqasına hazırlaşmaq üçün hələ tezdi. Hələ çempionat bitməyib. Qarşıda 4 oyun var. Rəqabətin səviyyəsi göstərir ki, hər turda nəticələr dəyişə bilər. Arxayın olmamalı, hər oyuna məsuliyyətlə hazırlaşmalıyıq. Eyni tempdə davam edəcəyik. Sonda komandamızla maraqlandığınız üçün sizə təşəkkür edir, uğurlar arzulayıram.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta