Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.
1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahli qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarkisyan (2008-2018-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünür.
Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarkisyan hərbi bölmələri yoxlamağa gəlib.
Videogörüntülərdə Monte Melkonyan S.Sarkisyana məruzə edir. S.Sarkisyan ona "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir" - deyir.
Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarkisyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.
Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır.
Vidematerialda daha sonra Serj Sarkisyan əsgərlərlə bir qədər söhbət edir.
Məhkəmədə nümayiş etdirilmiş vidematerialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıb.
D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O, daha sonra bildirib: "Gəlmişdilər mənim taboruma. Taborun mövqələrindəki vəziyyətlə tanış olurdular".
O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb: "Serj Sarkisyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi - red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.