Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.
"Medicina" xəbər verir ki, 49 yaşlı Elnur Həsənov bir neçə ay əvvəl “Fairmont” hotelə bərbərə gedərkən saxlanılıb.
Belə ki, həmin vaxt ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar.
Həkimin avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança, yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib və 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” müəyyən edilib.
Elnur Həsənov ov həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zaman tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyənləşib.
Qeyd edək ki, E.Həsənov həbs edildiyi gündən sonra uzun müddət getmədiyi üçün işdən də azad edilib.
Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
Qeyd edək ki, E. Həsənov uzun illərdir Azərbaycanda uşaq ürək cərrahiyyəsi üzrə ən tanınmış həkimdir və ağır ürək xəstəliyi olan uşaqları əməliyyat edib./yenimusavat.az/