Ermənistanın daxili işlərinə kənardan müdaxilə var və bunun üçün "xaricdən böyük pullar xərclənilir” . Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 5-də keçirdiyi brifinqdə ölkəsinin daxili siyasi vəziyyəti və hakim “Mülki Müqavilə” partiyasının reytinqi barədə danışarkən belə söyləyib. Simonyan,pulların haradan gəldiyini dəqiqləşdirmək istəyən jurnalistə cavab olaraq açıq şəkildə “şimal qonşudan, Rusiyadan”deyib.
“Ermənistana qarşı hibrid müharibə aparılır. Bu müharibə vaxtaşırı qızışdırılır, bu işə erməni soyadlı bəzi rusiyalı ekspertlər cəlb olunur, hakimiyyəti dəyişməyə, mitinqlər elan etməyə çalışırlar...”, - parlamentin sədri bildirib.
Simonyan belə cəhdlərin 2026-cı il seçkilərinə qədər daha da güclənəcəyinə, lakin onların əks effekt verəcəyinə, hakim partiyanın reytinqinin isə ikiqat artacağına əminliyini ifadə edib. Ümumiyyətlə isə, o, dövlət çevrilişi təhlükəsinin ehtimal edilmədiyini və 2020-ci ildən bəri bənzər cəhdlərin olunduğunu deyib.
Hibrid müharibənin səbəblərinə gəlincə, spiker qeyd edib ki, “Ermənistanın müstəqil qərar qəbul etmək iqtidarında olması ilə heç də hamı razılaşa bilmir”.
“Onların fikrincə, Ermənistan həmişə hansısa mərkəzdən asılı qalmalıdır, onun böyük qardaşı olmalı və anlamalıdır ki, böyük qardaşsız və ya super gücsüz onu yeyəcəklər. Buna görə də, mövcudluğunu ona borclu olmalıdır” , - erməni siyasətçi vurğulayıb.
Xatrıladaq ki, Rusiyanın “Vedomosti” qəzeti ötən həftə Kremlin Ermənistanda informasiya gündəmi ilə işini gücləndirmək və 2026-cı ildə bu ölkədə keçiriləcək parlament seçkilərinə rusiyayönlü siyasətçiləri hazırlamaq qərarına gəldiyini yazıb. Nəşrin məlumatına əsasən, bununla məşğul olmaq Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və onun tabeliyindəki idarələrin əməkdaşlarına həvalə edilib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta