BAKI, 5 may. TELEQRAF
TikTok sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. İlk dəfə keçirilən müsabiqədə məktəb, universitet, eyni zamanda orta ixtisas təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.
Müsabiqə5 may – 1 iyun tarixlərini əhatə edəcək.
Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək iPhone 16 Pro smartfonu ilə mükafatlandırılacaq.
Qeyd edək ki, TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.