AZ

Azərbaycan bu ölkələrə qarşı hər zaman ehtiyatlı olacaq- Turan Rzayev - ÖZƏL

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Medianın İnkişafı Agentliyi ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı sənədi imzalanıb. Bu anlaşmanın nə dərəcədə effektiv olacağı bəlli deyil. Çünki İan uzun illərdir Azərbaycana qarşı sistemli təbliğat aparır, bəzi media qurumları və sosial şəbəkələrdə ölkəmizi hədəf alan yalan məlumatlar yayır. 

Mövzu ilə bağlı Politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib.  Siyasi şərhçi bildirib ki, münasibətlərin normallaşdırılması səmimi prosesdən çox geosiyasi reallıqdır: 

"İran və Azərbaycan arasında münasibətlərin normallaşması, daha doğrusu, İran tərəfinin bu münasibətləri normallaşdırmaq istəməsi səmimi bir prosesdən çox, geosiyasi reallıqdır - ehtiyacdır. Məsələ ondadır ki, İran və İsrail arasında gərginlik artır və tərəflər arasında artıq provokasiya cəhdlərinin olduğu da bəllidir. Məsələn, İranda Bəndər-Abbas limanında baş verən, texniki qəza kimi təqdim olunan hadisə, əslində, qəzadan çox, İsrailin provokasiyası idi. İsrail faktiki olaraq İranı gərginliyə sövq edir, onu təxribatlara çəkməyə çalışır. İran bunun fərqindədir, ona görə də qonşularla münasibətləri normallaşdırmağa çalışır. Bu mərhələdə Azərbaycan xüsusilə diqqət çəkir. Rəsmi Bakı faktiki olaraq İranla bağlı hər hansı problem olmadığını bildirir. Amma biz də bilirik ki, İranın Azərbaycana qarşı daim sərt ritorikası, təxribatları və bəzi kanallar vasitəsilə dezinformasiya yayması halları olub.
İndi münasibətlər müəyyən qədər normallaşır. Təbii ki, münasibətlər bir ömür boyu gərgin qala bilməz. Azərbaycanın regionda İranla maraqları var - xüsusilə iqtisadi sahədə. Belə olan halda, münasibətləri tamamilə kəsməyin mənası yoxdur. Amma bu o demək deyil ki, Azərbaycanla İran arasında etimad mühiti yenidən formalaşır. Xeyr, Azərbaycan nə İrana, nə də Rusiyaya güvənir, və güvənməyəcək də. Mən bunu hər zaman demişəm. Bu iki ölkə ilə münasibətlər heç vaxt tam səmimi olmayacaq. Təbii ki, iqtisadi əlaqələri inkar etmək olmaz - təmaslar davam edəcək. Amma daha dərin və etimadlı münasibət olmayacaq. Azərbaycan bu ölkələrə qarşı hər zaman ehtiyatlı olacaq. Bu məsələyə ehtiyatla yanaşılması haqlıdır. Böyük ehtimalla bir müddət sonra İran tərəfi, məsələn, İsrail ilə gərginlik səngiyəndən sonra, yenidən təxribatlara başlaya bilər. Xüsusilə, adıçəkilən media resursları vasitəsilə Azərbaycana qarşı yenidən təhqirlər, tənqidlər və ittihamlar səslənə bilər. Bunlar effektli olmayacaq. Ən azından Azərbaycan tərəfindən belə addımlar gözləmirəm, amma İran tərəfindən olacağı çox mümkündür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr