AZ

Naxçıvan Dövlət Universiteti ilə Hacettepe Universiteti arasında əməkdaşlığa dair razılaşma əldə olunub

Naxçıvan, 5 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev, beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və ali məktəbin xəstəxanasının baş həkimi Elmar Rzayev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə NDU-nun əsas icraçısı olduğu layihələrlə bağlı Ankara şəhərində Hacettepe Universitetində görüş keçiriblər.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran ali təhsil müəssisələri arasındakı əlaqədən məmnunluğunu ifadə edib, səmərəli əməkdaşlıqdan söz açıb. Xüsusilə tibb təhsili sahəsində görülmüş işlər və gələcək fəaliyyətlərdən bəhs edib. Rektor əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı müzakirələrin aparıldığını və bu görüşlərin daim diqqətdə saxlanıldığını bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qarşılıqlı fəaliyyətlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Hacettepe nümunəsində və ortaq proqramla yaradılmış 4 illik Tibb bacısı işi ixtisasında tədris uğurla davam edir. Elbrus İsayev Tibb bacısı işi ixtisasının Hacettepe Universitetinin Hemşirelik fakültəsi tərəfindən daim diqqətdə saxlanıldığını və bu ixtisasda təhsil alan tələbələrin təcrübə və mübadilələrinin Hacettepe Universitetində təşkili, Hemşirelik fakültəsinin akademik heyətinin mütəmadi olaraq NDU-da sözügedən ixtisasda təlim-tədris prosesinə cəlbi, proqram və dərs vəsaiti sahəsində dəstək göstərilməsi məsələlərini yüksək qiymətləndirib. Rektor bu ixtisasda ikili diplom proqramı üçün hazırlıqların aparıldığını vurğulayıb.

Rektor Elbrus İsayev Hacettepe Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox istiqamətlər üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, yeni layihələrin icrası ilə bağlı müzakirələr aparıb. Akademik heyət və tələbə mübadiləsinin təşkil edilməsi, tibb tələbələrinin yay təcrübəsində iştirakında tələbə sayının artırılması, rezidentlərin Hacettepe Universitetinə rotasiyası, Tibb bacısı işi ixtisası üzrə tədrisin təkmilləşdirilməsi, Hacettepe fakültəsinin Tibb bacısı ixtisası müəllimlərinin NDU-da tədrisə cəlbi, Hacettepe Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin Naxçıvan Dövlət Universitetində tədrisə, muxtar respublika xəstəxanalarında müayinə və əməliyyatlara cəlbi müzakirə olunan istiqamətlər arasında yer alıb. Eyni zamanda, Tibb bacılarının inkişaf proqramı çərçivəsində Yaşam Boyu Öyrənmə Mərkəzində muxtar respublika xəstəxanlarında fəaliyyət göstərən tibb bacılarının ixtisasartırma proqramlarına və 50 nəfər tələbə-müəllimin müşahidəçi qismində Hacettepedə tədrisə və xəstəxanalara cəlbi, qısamüddətli təkmilləşdirmə proqramlarının Hacettepedə təşkili kimi məsələlər müzakirə olunub. Həmçinin NDU Tibb Kollecinin tədris proqramlarının təkmilləşdirilməsində Hacettepe Universitetinin dəstəyi, əla qiymətlərlə məzun olan NDU-nun tibb fakültəsi məzunlarının Hacettepe Universitetində ixtisasartırma və rezidentura təhsilinə cəlb edilməsi, ortaq simpozium, konfrans və tədbirlərin təşkili, işçi və tədqiqat qruplarının yaradılması da görüşdə fikir mübadiləsi aparılan məsələlər sırasında olub.

Qeyd edək ki, NDU nümayəndə heyəti ilə Hacettepe Universitetinin bir neçə fakültəsi arasında digər görüşlər də baş tutub. Tibb bacısı, Diş həkimliyi, Tibb fakültələrində bir çox mövzular ətrafında müzakirələr aparılıb. Tibb bacısı işi, Stomatologiya ixtisasında təcrübə və tədris proqramlarının təkmilləşdirilməsi, akademik dəstək, Hacettepe professor-həkimlərinin NDU-da tədrisə cəlbi, hibrid dərslərin təşkili və digər məsələlərə dair qarşılıqlı razılaşmalar əldə edilib.

Seçilən
0
1
azertag.az

2Mənbələr