Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ölkəmizin ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, treninqdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərbi Kaspi Universiteti, Kooperasiya Universiteti, Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından ümumilikdə 33 müəllim iştirak edib. Treninqdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, BBMM-in şöbə müdirləri Yadigar Məmmədli, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova və məsləhətçilər Tahirə Ələsgərova, Şahnaz Abdullayeva mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları”, “Zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, caynizm, xristianlıq, islam, qədim türk inancları”, “Multikulturalizm və media”, “Etnik müxtəliflik və milli ideya”, “Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi”, “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi” və “Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)” mövzularında mühazirələr təqdim edilib. Mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin (Elm və təhsil nazirinin) müvafiq əmri ilə 2019-cu ilin sentyabrından etibarən, ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyəsində “Multikulturalizmə giriş” fənni tədris edilir. Fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil olunur.