Fəxrəddin Pənahov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan polisinin ölkəmizin müstəqilliyi uğrunda gedən mübarizədəki xidmətlərini çox yüksək qiymətləndirirdi”
“Bu gün bütün Azərbaycan xalqı öz xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq, otuz ildən artıq müddət ərzində Azərbaycanın ən mühüm inkişaf istiqamətlərini təyin etmiş tarixi şəxsiyyətdir. Bu illər ərzində ölkəmizin və xalqımızın müasir tarixinin bütün mərhələləri, məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Məlumdur ki, 1991-1993-cü illər ölkəmizin yeni tarixinə hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi daxil olub. O dövrkü naşı iqtidarın səbatsızlığı ucbatından xalqın nəhayət ki, reallaşmaq üzrə olan müstəqillik arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük işlər həyata keçirilən Naxçıvana yönəlmişdi. Xalq Ulu Öndər Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Həmin illərdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirdi. İttifaq rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Naxçıvana qayıtmış Ulu Öndər Heydər Əliyev xalqının bu ağır günlərində onunla birlikdə olduğunu, onun yolunda bütün məhrumiyyətlərə hazır olduğunu bir daha sübut etdi. Əgər 1969-cu ildə Heydər Əliyevin respublika hakimiyyətinə birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə Ulu Öndərin ikinci dəfə qayıdışı dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, təqaüddə olan polis general-mayoru Fəxrəddin Pənahov deyib.
Daha sonra komitə sədri 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarmaq uğrunda apardığı ölüm-dirim mübarizəsində polis orqanlarının müstəsna rol oynadığını qeyd edib: “Qeyd etdiyim kimi, ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Birinci Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Həmçinin ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edən qanunsuz silahlı dəstələrlə də məhz polis mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan polisinin həmin dövrdəki xidmətlərini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.” Hakimiyyətə gəldiyi ilk illərdə Ümummilli Lider Heydər Əliyevin davamlı olaraq həyata keçirdiyi tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi. Ulu Öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli Liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Qeyd edim ki, həmin illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı. Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi isə, öz növbəsində, islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı” – deyə, Fəxrəddin Pənahov müsahibəsini sona çatdırıb.