BAKI, 5 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin rusları Ukraynada uzun müharibəyə və Qərblə toqquşmaya hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklərin fikrincə, Rusiya Ukraynadakı ilkin məqsədlərini qoruyur:
“Putin cəbhə xətti və ölkə daxilində “fədakarlıq” idealını təbliğ edir, Rusiya cəmiyyətini Ukraynada uzun sürəcək müharibəyə və gələcəkdə Qərblə mümkün toqquşmalara hazırlayır”.
Analitiklər vurğulayırlar ki, Putin Rusiya cəmiyyətindən müharibəyə dəstək almaq üçün “ortaq dəyərlər” üzərindən təbliğat aparır.
Rusiya lideri həmçinin dünən Qərbi 2015-ci il Minsk razılaşmalarından sonra Rusiyanı aldatmaqda ittiham edib. ABŞ institutunun fikrincə, bu, Rusiyanın daxili auditoriyasını Kremlin Qərblə danışıqlar apara bilməyəcəyinə və müharibəni davam etdirməli olduğuna inandırmaq cəhdidir.
“Putinin bütün bəyanatları göstərir ki, o, Ukraynada hücum əməliyyatlarını ləngitmək və ya müdafiə çəkilmək niyyətində deyil, əksinə, Rusiya cəmiyyətini uzun sürən müharibəyə ideoloji cəhətdən hazırlamağa çalışır”.
ISW əlavə edir ki, digər Rusiya rəsmiləri də Ukraynada müharibə başlayandan bəri cəmiyyəti militarizasiya etmək səylərini ardıcıl surətdə gücləndiriblər: “Bu da Rusiyanın uzun sürən münaqişəyə hazırlaşdığını göstərir”.