Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalətli keçirilmədiyini iddia edir.
Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, bu barədə gənc ifaçı sosial şəbəkə hesabında paylaşım edib.
“Müsabiqədə məni bilərəkdən kəsdilər. Şəffaflıq yoxdur. Hər münsif öz tələbəsini keçirir növbəti 20-liyə. Nə üçün məni "kəsdik"lərini soruşduqda heç kim cavab vermir, deyirlər, səni gərək Şamaxıdan seçib gətirməyərdik. Xaric oxumuram, səsimdə xırıltı yox. Nə vaxta qədər haqsızlıq olar?!” - deyə gənc xanəndə paylaşımında bildirib.
Tanınmış müğənni Nişanə Baxışova da paylaşıma dəstək verərək illər əvvəl eyni haqsızlıqla üzləşdiyini və bunun illərdir davam etdiyini iddia edib.
Münsiflər heyətinin üzvlərindən olan Xalq artisti Nəzakət Teymurova iddialarla bağlı olay.az-a bildirib:
"Rəqsanə birinci turda bərbad ifa etmişdi, həm də bir az aqressiv idi, ağzına gələni danışırdı, ifaçıları regionlara bölürdü. Seçilməyənlər arasında mənim də tələbələrim olub. Eləcə də başqalarının da tələbələrindən seçilməyənlər var. Yəqin, həmin gün yaxşı oxumayıb ki, keçməyib. Ondan da güclü tələbələr olub ki, imtahandan keçməyib.
Şikayətçilərdən biri də magistratura pilləsində təhsil alan tələbəm Nuranə Haqverdiyevadır. Onda mən öz tələbəmi seçərdim də. Yəni 8 münsifin hər biri qərar verməlidir ki, hansı ifaçı digərindən üstün oxuyub.
Muğam müsabiqəsindən sonra həmişə belə fikirlər irəli sürülür. İnşallah, Rəqsanə özünü yenidən sınayar. Özünü yaxşı göstərsin ki, yenidən muğam müsabiqələrinə qatıla bilsin”.
Telegram kanalımız