"Ukrayna ilə ABŞ arasında faydalı qazıntılara dair imzalanan saziş Vaşinqtonun Kiyevə verdiyi hərbi və maliyyə yardımların davamlı olacağına dair siyasi zəmanət yaradır".
Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, ABŞ Konqresi istənilən an yardım paketlərini dondura bilər:
"Ona görə də “mineral ödənişi” mexanizmi Kiyev üçün ciddi bir güvən fondu rolunu oynayır. Bu saziş Donald Tramp Administrasiyasının Kiyevə bağlılığını simvolizə edir. Bu, Ukraynanın Qərbdə “borclu” deyil, “hissədar” imici formalaşdırır və gələcək danışıqlarda Kiyevin lehinə istifadə olunacaq diplomatik kapitalları artırır.
Ukrayna gələcəkdə hasil edəcəyi neft-qaz və nadir torpaq elementləri gəlirlərinin 50 faizini fondun payı kimi verəcək. Müharibadan sonrakı bərpa xərcləri, borc ödənişləri və yüksək inflyasiya fonunda bu pay Kiyev üçün ciddi maliyyə yükünə çevrilə bilər".
Ekspert qeyd edib ki, indiki şəraitdə münaqişə zonalarındakı yataqlara investor cəlb etmək çətindir:
"Xammal ehtiyatlarının real dəyəri və infrastrukturu olmayan yerlərdə hasilat xərcləri yüksək qalarsa, dövlət büdcəsinə daxilolmalar gözləniləndən az olacaq. Bu səbəbdən də saziş “yatırılan kapitaldan” çox “gəlir paylaşımı zərəri” yarada bilər.
Avropa İttifaqının bərpa fondları və Dünya Bankının güzəştli şərtləri ilə paralel danışıqlar aparmaqdansa, Ukrayna birbaşa ABŞ ilə saziş imzaladı. Bu, Brüssellə münasibətlərdə gərginlik yarada bilər, lakin Vaşinqtonla strateji yaxınlığı möhkəmləndirir".
Rüstəm Tağızadə diqqətə çatdırıb ki, Rusiya sözügedən sazişi “resurs sərvətlərinin satılması” kimi tənqid edir və Ukraynanın müstəqilliyinə zərbə kimi qiymətləndirir:
"Lakin Kremlin iqtisadi sanksiyalara alternativ tapmağa ehtiyacı var. Çünki Ukraynanın ABŞ ilə birbaşa iqtisadi bağı Rusiyanı da beynəlxalq arenada təcrid edir. Çin də Ukraynanın resurslarını öz “Bir kəmər, bir yol” infrastrukturu ilə birləşdirmək istəyir. ABŞ ilə saziş bu perspektivi zəiflədir, Çinin regionda iqtisadi asılılıq yaratmaq cəhdlərinə qarşı geosiyasi baryer rolunu oynayır".
Ekspertin sözlərinə görə, ABŞ bu sazişlə Ukraynaya daha çox investiya yatırımı etməlidir:
"Bu sazişdə Ukraynanın borcları ilə əlaqəli maddə yoxdur. Ona görə də Rusiya və Ukrayna arasında atəşkəs olunmalıdır ki, investisiya cəlb edilsin. Həmçinin, bu sazişdə sual doğuran məqamlar da var. Məsələn, mineral maddələrin çox hissəsi Rusiya tərəfindən işğal edilmiş Ukraynanın şərq torpaqlarını əhatə edir.
Hesab edirəm ki, sözügedən sazişin olması Ukraynanın nə qələbəsi, nə də məğlubiyyətidir. Ancaq bu sazişdə Ukraynanın təhlükəsizliyi üçün maddə yoxdur. Ölkənin dağılmış iqtisadiyyatı üçün böyük miqdarda kapital lazımdır. Bu sazişlə Ukrayna iqtisadiyyatına investisiyalar cəlb ediləcək".
Pərviz