AZ

“Erkən nikaha qarşı ictimai platforma” layihəsinə start verildi

2025-ci il mayın 1-dən etibarən “Erkən nikaha qarşı ictimai platforma” adlı yeni sosial layihənin icrasına start verilib. Layihə Bakı, Şəki, Lənkəran və Xaçmaz rayonlarını əhatə edəcək və 2025-ci il iyulun 31-dək davam edəcək.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi erkən nikahların qarşısının alınması, bu problemin fəsadları barədə ictimai maarifləndirmənin artırılması, xüsusilə yeniyetmələr, valideynlər və müəllimlər arasında düzgün məlumatlılıq səviyyəsinin formalaşdırılmasıdır. Təlimlər zamanı iştirakçılara erkən nikahın hüquqi, sosial və psixoloji nəticələri, həmçinin bu halların qarşısının alınma yolları ətraflı şəkildə izah ediləcək.

Layihə rəhbəri Könül Qasımova bildirib ki, bu təşəbbüs cəmiyyətin bütün təbəqələrini əhatə etməklə, xüsusilə regionlarda maarifləndirmə səviyyəsinin artırılmasına yönəlib. Təlimlər interaktiv formatda təşkil olunacaq, iştirakçılara metodik vəsaitlər və maarifləndirici materiallar təqdim ediləcək. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələri və müvafiq tövsiyələr ictimaiyyətə təqdim olunacaq.

“Erkən nikaha qarşı ictimai platforma” layihəsi gənclərin hüquqlarının qorunmasına və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

Seçilən
0
3
qht.az

4Mənbələr