Ermənistanın sabiq prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan Ermənistan Universitetinin tələbələri və müəllimləri ilə görüşüb.
Modern.az xəbər verir ki, tələbələrdən biri Serj Sarkisyana belə bir sual verib: Qarabağa qayıtmaq şansı olsaydı, ilk addımı nə olardı, hara gedərdi?
“Əgər “artsax”a getmək şansım olsa, valideynlərimin və həlak olmuş dostlarımın məzarlarını ziyarət edəcəm”, - deyə Sarkisyan cavab verib.
Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. O, 1989-1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nin sədri olub.
1993–1995-ci illərdə Ermənistanın müdafiə naziri işləyib. 1995–1996-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000–2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub.
2018-ci ildə onun prezidentlik müddəti başa çatıb. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.
Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib.