"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 33-cü turunda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında "Xəmsə" azarkeş qrupunu 16-cı ildönümü ilə bağlı təbrik edib.
Daha sonra mütəxəssis birinci hissəyə qol buraxmamaq planı ilə çıxsalar da, bunun alınmadığını bildirib: "İkinci hissə istədiyimiz kimi oldu. Fasilədən sonra istədiyimiz futbolçulardan istifadə edərək önə keçdik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Amma üzülməyə dəyməz. Əsas odur ki, bu gün xallarımızın üstünə xal gəldi. Futbolçularımız meydanda, məncə, əsl qladiator kimi döyüşdülər".
A. Bağırov eyni anda 4 əvəzetmə etməsindən söz açıb: "Birinci hissədə meydanda daha çox siyasi gedişlər edirdik. Rəqibi üzərimizə çəkdik. İkinci hissədə sürətli oyunçuların hesabına əks-hücumlarımız daha təhlükəli oldu. Sonra meydana hücumameyilli 4 futbolçu buraxdıq. Ümid Səmədovun da daha çox hücuma getməyini istədik. Eyni anda 4 dəyişiklik edəndə rəqibi fiziki baxımdan hazırlıqsız tutursan".
O, qeyd edib ki, əlavə dəqiqələrdə qol buraxmaq üzücü məqamdır: "Qələbə qazansaydıq, çempionatda qalmağı rəsmiləşdirəcəkdik. Azərkeşlərə də qələbə vermək istəyirdik. Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik. Məncə, bugünkü imkanlarla bu nəticə "Kəpəz" üçün çoxdur".