AZ

Qubada Avropa Kubokunun açılış mərasimi keçirildi

QUBA, 3 may. TELEQRAF

Quba Olimpiya İdman Kompleksində cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov qonaqları burada görməyin onlar üçün fəxr olduğunu vurğulayıb: "Qədim tarixə, əsrarəngiz təbiətə malik Qubada sizi görməkdən məmnunam. Belə bir yarışın Qubada keçirilməsi tarixi hadisədir. Azərbaycan dünyada idman sahəsində güclü ölkə kimi tanınır. Regionlarda belə mötəbər yarışın təşkili uşaqların idmana marağının daha da artmasına kömək olur. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm".

Daha sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və EJU-ya göstərdikləri etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cüdo Federasiyası olaraq regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".

Gənclər və idman naziri Fərid Qayıbov bütün iştirakçılara uğurlar arzulayıb: “Hamını salamlayıram. Fəxri qonaqlara “xoş gəmisiniz” deyirəm. Auba idman paytaxtımız olub. Bu yarışın burada təşkili də təsadüfü deyil. İcra başçıxına, bütün təşkilatçılata təşəkkür edirəm. İdmançılara demək istəyirəm ki, güclü qalib gəlsin”.

Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner EJU-nun prezidenti Laslo Totun salamlarını çatdırıb: "Bütün cüdo ailəsi adından Azərbaycan Cüdo Federasiyasına bu yarışı təşkil etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Quba Avropa Kuboku əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. Quba Avropa Kuboku 2025-i açıq elan etdiyim üçün qürur duyuram.”.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 11 ölkədən 354 idmançı mübarizə aparır.

Seçilən
0
7
teleqraf.com

10Mənbələr