AZ

“Park Cinema”da Qazaxıstan filminin-QALA-GECƏSİ – FOTOLAR » AzadMedia.az


“Park Cinema” kinoteatrının Park Bulvar filialında Qazaxıstan istehsalı olan və iti satirik yumora sahib “Patrul: sonuncu əmr” filminin qala-gecəsi keçirilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan təqdimatda aktyor heyəti ilə yanaşı, filmin həm prodüseri, həm də rejissoru olan Rustem Omarov da iştirak edib.

Tədbirə həmçinin Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, eləcə də “Park Cinema” kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev qatılıb.

Azərbaycanda çox gözəl qarşılandıqlarını və Bakıya valeh olduqlarını deyən qonaqlar filmi tamaşaçılarla birgə seyr ediblər.

Filmin rejissoru qeyd edib ki, bu layihə yalnız ölkələrində deyil, həm də xaricdə uğurla tanınan ilk Qazaxıstan franşizasıdır.

Süjetə gəlincə, bu dəfə “Patrul” kainatı Abay bölgəsində, Semey şəhərində cərəyan edir – ölkə Prezidenti rəsmi səfərlə bura gəlməlidir.

Filmin qəhrəmanları bütün gücləri ilə Prezidentin kortejinə düşməyə çalışırlar.

Ancaq şefin başqa planları var – o, Prezidentin müşayiəti üçün məsul şəxs təyin olunub və hər şeyin problemsiz keçməsini istəyir.

Qəhrəmanların reputasiyasını nəzərə alaraq, şef Serikə, Medetə, Oljasa, Edilə, İlyasa və Beksgə kortejdən uzaq durmağı əmr edir və bunun əvəzinə Semeyin elit polis əməkdaşları Dima və Renatı yanına çağıraraq kortejin rəhbəri təyin edir.

Amma qəhrəmanlar bu arzularından vaz keçmək istəmirlər, çünki Prezidentin müşayiəti hər bir polis işçisinin arzusu sayılır.

Film, sıravi patrul və sahə polis əməkdaşlarının bu arzunu reallaşdırmaq üçün nələrə hazır olduqlarını göstərəcək.

Eyni zamanda, milyonların sevimlisinə çevrilmiş qəhrəmanların gündəlik polis həyatında qarşılaşdıqları gülməli, gerçək və həyəcanlı hekayələrə də şahid olacağıq.

Filmdə korrupsiya, məişət zorakılığı və xalqla hakimiyyət arasındakı münasibətlər kimi aktual və həssas ictimai problemlərə də toxunulur.

“Patrul: sonuncu əmr” filmi bu gündən etibarən eksklüziv olaraq yalnız “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Seçilən
0
2
azadmedia.az

4Mənbələr