AZ

Qondarma rejimin ifşası: Tarix qarşısında cavab anı » AzadMedia.az


Məşhur Məmmədov,
Millət vəkili


Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar siyasət yeridən Ermənistan və onun yaratdığı qondarma rejim bu gün beynəlxalq hüquq və tarixi ədalət qarşısında cavab verməkdədir. Mayın 2-də Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə prosesi – separatçı rejimin rəhbərlərinin və iştirakçılarının ifşa edilməsi, zərərçəkmişlərin ifadələrinin dinlənilməsi – Azərbaycanın 30 ildən artıq davam edən münaqişə dövründə üzləşdiyi cinayətlərin hüquqi-siyasi qiymətini almağa doğru atılan ciddi addımdır.

Azərbaycan dövləti hər zaman ədalətli sülhün, beynəlxalq hüququn üstünlüyünün və cinayətkarların məsuliyyətə cəlb edilməsinin tərəfdarı olub. Bu gün aparılan məhkəmə prosesi də məhz bu prinsipial yanaşmanın təzahürüdür. Ermənistanın sabiq prezidenti Robert Koçaryan, sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vazgen Sərkisyan, eyni zamanda qondarma qurumun rəhbərləri olmuş Arayik Harutyunyan, Bako Sahakyan, Arkadi Qukasyan, Davit İşxanyan və digərlərinin törətdikləri cinayətlərə görə cavab verməsi, təkcə şəhidlərimizin ruhuna ehtiram deyil – bu, həm də gələcəkdə regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ciddi hüquqi zəminin yaradılmasıdır.

Məhkəmə prosesində səsləndirilən faktlar – mülki əhalinin qətlə yetirilməsi, işgəncələr, girovluqlar, kəndlərin işğalı və dağıdılması – Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar xarakterini açıq şəkildə ortaya qoyur. Bu ifadələr, hər bir azərbaycanlının yaddaşına həkk olunmuş, lakin uzun müddət beynəlxalq tribunalarda eşidilməyən faciələrin hüquqi dəlillərlə təsdiqidir.

Təəssüf ki, illər boyu beynəlxalq ictimaiyyət bu ədalətsizliyə səssiz qaldı. Lakin bu gün Azərbaycan dövləti öz gücü və siyasi iradəsi ilə ədaləti bərpa edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət sayəsində təkcə torpaqlarımız işğaldan azad edilmədi – həm də qondarma rejimin uydurduğu yalan tarix, saxta qəhrəmanlıq mifləri darmadağın edildi.

Azərbaycan cəmiyyəti bu məhkəmə prosesini sadəcə hüquqi yox, həm də mənəvi zəfər kimi qəbul edir. Əminik ki, törədilmiş cinayətlərə veriləcək ədalətli hüquqi qiymət gələcək nəsillər üçün də ciddi bir dərs olacaq – ərazi iddialarının və etnik nifrətin, separatizmin və təcavüzkarlığın heç bir halda cəzasız qalmayacağını göstərən tarixi qərar kimi yadda qalacaq.

Müstəqil və güclü Azərbaycan dövləti cinayətkarları ifşa etməyə və cavab verdirməyə davam edəcək. Sülh yalnız ədalət üzərində qurulduqda davamlı və möhkəm olur. Bu gün biz həmin ədalətin təməlini birlikdə qoyuruq.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr