Avarçəkənlərimiz “Prezident Kuboku-2025”də daha 5 medal qazanıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının ikinci yarış günü başa çatıb. Ajans.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən reqatanın ikinci yarış gününü avarçəkənlərimiz üç gümüş, iki bürünc medalla başa vurublar. Birnəfərlik kayak qayığında 500 metr məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Mustafa Vəlizadə bürünc medal qazanıb. İkinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2011-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala layiq görülüb. Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.Xatırladaq ki, reqatanın son final yürüşləri və bağıanış mərasimi mayın 2-də keçiriləcək.“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. “Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.