AZ

Tramp NATO-nu “VURDU” – Avropa Rusiya təhlükəsi ilə ÜZ-ÜZƏ

ABŞ Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilikdən imtina edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun sözlərinə görə, ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq və Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.

Maraqlıdır ki, sözügedən açıqlama Kiyevlə Vaşinqton arasında nadir torpaq mineralları haqqında sazişin imzalanmasından cəmi bir gün sonra verilib.

Bu isə bir sıra iddiaları meydana çıxarıb. Belə ki, ABŞ-ın sözügedən addımının Rusiyanın əl-qolunu açacağı və Ukraynanın durumunu daha da ağırlaşdıracağı ilə bağlı fikirlər səsləndirilib. Bu addım Trampın istədiyini aldıqdan sonra Ukraynanı yarı yolda buraxması kimi də qiymətləndirilə bilər.

Bəs sözügedən vəziyyətin ortaya çıxmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli sözügedən prosesi daha geniş, qlobal miqyasda dəyərləndirməyin tərəfdarı olduğunu bildirib:
 

“Əslində, burada bir başqa vacib məqam var. Müharibə başa çatmayıb, hərbi əməliyyatlar dayanmayıb. Real olaraq kimin qalib gəlməsinə yönəlik yekun nəticələr əldə olundu, yoxsa tamamən bu proseslərin əksi yaşandı?


Gedişat göstərir ki, hələlik yekun nəticələr də əldə olunmayıb. İkinci Dünya Müharibəsindən sonra Marşal planı adı altında Amerika maliyyəsi Qərbi Avropa ölkələrini öz təsiri altına aldı. Nəticədə Qərbi Avropa müharibədən sonra iqtisadi baxımdan dirçəldi. Habelə kommunizm təhlükəsi adı altında onların NATO-ya inteqrasiyası reallaşdı. Sonra da bu çətir bağlandı”.

ABŞ NATO-nu da “vurur”

Həmsöhbətimizin fikrincə, Vaşinqtonun indi Kiyevlə nadir minerallarla bağlı müqavilə imzalaması, ardınca atəşkəsin əldə edilməsi üçün vasitəçilik missiyasından vaz keçmək niyyətləri də yuxarıda qeyd etdiyi prosesə oxşayır:
 

“Paralelində ABŞ NATO-nu da “vurur”. Yəni demək istəyirəm ki, burada meydana başqa bir nöqtə çıxır. Lakin o heç də Ukrayna müharibəsinin dərhal dayandırılması deyil. Müharibənin uzanması fonunda Rusiya təhlükəsi ilə üz-üzə qalan Avropa Marşal planına oxşar “Tramp planı” əsasında ABŞ-la yeni müqavilə bağlamalı olacaq.


Fikrimcə, indiki mərhələdə NATO-nun hədəfə alınmasında da əsas məqsəd onun yenidən qurulması, yaxud buraxılıb, fərqli, Amerikanın marağına cavab verən yeni müqavilələrin imzalanmasına doğru aparan mərhələnin yaradılmasından ibarətdir. Prosesin gedişi buna oxşayır”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
0
43
bizim.media

10Mənbələr