AZ

Rəşad Sadıqov: “Mənim üçün 2-ci yerin dadı tam başqadır”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis 1:0 hesablı qələbəyə sevindikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, “Turan Tovuz” isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qol oldu.

Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçular da amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, “Turan Tovuz” üstünlükdən yaxşı istifadə edən komandadır. Vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm.

Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu vəzifənin öhdəsindən gəldik. Avrokuboklara 2-ci yerlə gedirik. Bu, bizi çox sevindirir. Bütün mövsüm ərzində göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq”.

Rəşad Sadıqov: “Kuboku da qazana bilərdik”

Rəşad Sadıqov mövsümün son oyunlarında heyətdə rotasiyalara gedəcəklərini gizlətməyib:

“Bundan sonrakı müddətdə avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanlara bir az istirahət verəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da “Sabah” Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. “Qarabağ” kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır”.

Rəşad Sadıqov komandasının indiki heyətini qorumağa çalışacağını vurğulayıb:

“Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə bir-iki futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçumuzun müqaviləsi var”.

“Belə oyunla harasa getmək çətindir” – Kurban Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Zirə”nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etməyimizə baxmayaraq, işə yaramadı.

Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım, amma ümumilikdə yox. Həvəsli idik. Bu, bizi razı saldı”.

Kurban Berdıyev keçmiş komandası “Traktor”un tarixində ilk dəfə İran çempionu olmasına da münasibət bildirib:

“Traktor”un rəqibinin də nəticəsindən çox şey asılı olduğunu bilirdim. Çempion olduqlarını indi eşidirəm. “Traktor”u təbrik edirəm. Mohammed Reza Zonusini də təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu baş verdi. Mütləq onu təbrik edəcəyəm”.

Seçilən
0
9
arena.az

10Mənbələr