RGEM-İN DİREKTOR MÜAVİNİ AÇIQLAYIR
Vaksinasiya ilə hansı xəstəliklərin qarşısını almaq olar?
Sualı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva sehiyye.gov.az saytına verdiyi müsahibədə cavablandırıb.
Uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biridir.
İmmunoprofilaktika ictimai səhiyyə sahəsində bir sıra infeksion xəstəliklərin aradan qaldırılması və nəzarət altına alınmasına səbəb olan ən mühüm nailiyyətlərdən biridir.
Ölkədə hazırda dövlət tibb müəssisələrində peyvənd təqviminə uyğun olaraq 0-6 yaş uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır – Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, b tipli hemofil infeksiya, pnevmokok infeksiyalari, qizilca, epidemik parotit, məxmərək. Peyvəndlər insanları qeyd edilən xəstəliklərdən qoruyur.
2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. Ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.