Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq arenada növbəti uğura imza atıb. Universitet 2025-ci ildə ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan “QS Stars” qiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksək göstərici olan 5 ulduzu qazanmağa nail olub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib.
QS Stars – beynəlxalq ali təhsil müəssisələrinin müxtəlif sahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrə ulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimal nəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksək nəticə göstərərək bir sıra sahələrdə 5 ulduzla təltif olunub.
AzMİU-nun QS Stars reytinqində əldə etdiyi nəticələr aşağıdakı kimidir:
∙ Tədris - 5 ulduz
∙ Şərait və imkanlar - 5 ulduz
∙ Məzunların məşğulluğu - 5 ulduz
∙ Səmərəli idarəetmə - 5 ulduz
∙ Sosial təsir - 5 ulduz
∙ Qlobal fəaliyyət - 4 ulduz
∙ Akademik inkişaf - 3 ulduz
∙ İncəsənət - 3 ulduz
∙ Müxtəliflik, bərabərlik və inklüzivlik - 5 ulduz
Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları, məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetmə mexanizmləri və beynəlxalq əməkdaşlıq sahəsində göstərdiyi yüksək səviyyəli fəaliyyətinin bariz göstəricisidir.
AzMİU-nun QS Stars reytinqində əldə etdiyi ümumi 5 ulduzlu nəticə universitetin beynəlxalq standartlara cavab verdiyini, davamlı inkişaf strategiyasına malik olduğunu və qlobal təhsil məkanında mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.