AZ

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi təxirə salınıb

BAKI, TurkicWorld

İran, nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə ABŞ-la danışıqlarda qətiyyətlə və prinsipial şəkildə iştirakını davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“İran nümayəndə heyəti, bəri başdan ölkəmizin beynəlxalq hüquqa əsaslanan və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu və qanunsuz sanksiyaların ləğvini ehtiva edən prinsipial mövqeyinə uyğun olaraq aydın çərçivələri səmimiyyətlə ortaya qoyub. İran ədalətli, məntiqli və davamlı qarşılıqlı anlaşmaya nail olmaq üçün ciddi niyyətini nümayiş etdirib və bu yolda qətiyyətlə irəliləməyə davam edəcək” - deyə, bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında yaranan böhranın həlli üçün Omanın vasitəçiliyi ilə artıq üç mərhələdə danışıqlar aparılıb. İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.

Xatırladaq ki, Oman xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında mayın 3-də keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsinin logistik səbəblərə görə təxirə salındığını bildirmişdi.

Seçilən
0
46
turkic.world

10Mənbələr