AZ

İsraildə fövqəladə vəziyyət - beynəlxalq yardıma ehtiyac var

BAKI, TurkicWorld

İsraildə Qüds və Təl-Əviv arasında 11 nöqtədə meşə yanğınları davam edir.

TurkicWorld xəbər verir ki, İsraildə Qüds və Təl-Əviv arasındakı meşəlik ərazilərdə başlayan yanğınlar 11 ayrı nöqtədə davam edir.
Qüds Təpələri bölgəsində yerləşən alov mənbələri üzərində nəzarəti bərpa etmək məqsədilə 119 yanğınsöndürmə briqadası və 11 təyyarə cəlb olunub.

İsrailin “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, sözügedən yanğınlarla mübarizə məqsədilə bölgədə bufer zonalar yaradılıb. Alovun yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün təyyarə və helikopterlər intensiv şəkildə işləyir.

“Jerusalem Post” yazır ki, xüsusilə Mevo Horon və Kanada Parkı ətrafında alovların qismən zəifləməsinə baxmayaraq, bu ərazilərdə yanğın tam söndürülməyib. Təhlükə səbəbilə 10 min nəfərin təxliyə olunduğu bildirilir. Mevo Horon sakini bəzi şəxslərin 18 saatlıq fasilədən sonra evlərinə dönməsinə icazə verilib.

İsrailin beynəlxalq yardım çağırışına cavab olaraq Cənubi Kipr Rum Administrasiyası və İtaliyadan təyyarələr artıq yoldadır. Eyni zamanda, Ukrayna da sözügedən bölgəyə yanğınsöndürmə təyyarələri göndərəcəyini açıqlayıb. İspaniya, Fransa, Rumıniya və Xorvatiya da dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, yanğınların hazırkı mərhələdə təxminən 12,000 hektarlıq əraziyə yayıldığı bildirilir. Magistral yollar ətrafında alovun yayılmasının qarşısının alınması üçün xüsusi tədbirlər görülür və əlavə 22 yanğınsöndürmə briqadası bölgəyə cəlb edilməkdədir.

Seçilən
0
turkic.world

1Mənbələr