Azərbaycan Konstitusiyasına iki dəfə əsaslı dəyişiklik olub və bu da ölkəyə xaricdən gələn çağırışlara cavab verməyə imkan yaradıb.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda Bakı Dövlət Universitetində keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq əlaqələr nəzəriyyəsində "xarici siyasət daxili siyasətin davamıdır" fikri var:
"Bu, Azərbaycanın siyasətində də belədir və həmin siyasətdə konstitusiya mühüm rol oynayır. Biz müstəqillik əldə etdiyimiz dövrdə Ermənistan-Azərbaycan münaqişəsi artıq var idi və işğal da başlamışdı, hətta davam edirdi. Həmin münaqişə bizə çox şeylər öyrətdi. Biz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bir sıra müqavilələr bağladıq, atəşkəs imzalandı. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olundu və ötən dövr ərzində əsas qanuna bir sıra dəyişikliklər olub”.
BMTM sədri daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən söz açaraq burada xarici müdaxilələrin aparıcı rol oynadığını bildirib:
“Ona görə də 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulu və qanunvericiliyin davamlı olaraq gücləndirilməsi çox vacib məsələ idi”.