AZ

İşğaldan azad olunmuş ərazilərdə ilk Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

Nazirliyin məlumatına görə, işğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil olunub.

Festivalda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş olunub.

Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında dövlətin maliyyə qurumları və aparıcı banklar tərəfindən fermerlərə sərfəli kredit məhsulları təklif edilib, fermerlər təsərrüfat işinin təşkili üçün ayrılan kreditlər barədə məlumatlandırılıblar.

Həmçinin, festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Şərqi Zəngəzur iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirəsində dövlət və özəl sektorun maliyyə qurumlarının iştirakı ilə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzular müzakirə olunub. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılıb, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Festivalda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 10-a yaxın universitetin tələbələri də iştirak ediblər.

Sözügedən layihə çərçivəsində 29 aprel tarixində Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil edilib. “Bootcamp”da layihə çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbələrinin, gənc tədqiqatçıların və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları həyata keçirilib.

“Bootcamp”da iştirak edən tələbələr və festivala qatılan sahibkarlar üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infotur təşkil edilib.

Seçilən
0
3
vergiler.az

4Mənbələr