AZ

Dişlərin sağlamlığı üçün nə etməliyik?

Həkim: İldə iki dəfə professional gigeniya diş sağlamlığı üçün vacib məqamlardandır

Gülüşümüzü daha da gözəl edən dişlərimizin bəzən qayğısına qalmağı unuduruq. Diş sağlamlığı ümumi sağlamlığın vacib tərkib hissəsidir və düzgün qulluq edilmədikdə müxtəlif ağız və ümumi xəstəliklərə səbəb ola bilər. Dişlərdə saralma və diş daşlarının əmələ gəlməsi isə ən çox qarşılaşdığımız problemlərdəndir.

Bəs bu problemlər hansı səbəblərdən yaranır?

Mövzu ilə bağlı stomatoloq Tural Mirzəyev Operativ Media-ya açıqlama verib.

O bildirir ki, bu problemlərin səbəbi müxtəlifdir:

“Çox çay və kofe qəbulu dişləri saraldan əsas səbəblərdəndir. Bu məhsulların qəbulundan sonra ağız və dişlər tam şəkildə yaxşıca yuyulmalıdır.

Diş daşlarının yaranması isə bir sıra maddələr mübadiləsinin pozulmasından irəli gəlir. Orqanizmdə hər hansı bir dəyişiklik baş verərsə bu ağız boşluğunda təzahür edir. Bu səbəbdən də maddələr mübadiləsi pozulduqda diş daşları yaranır. Bundan başqa dişlərin düzgün fırçalama qaydasına əməl etmək lazımdır. Əgər ona əməl etməsək diş daşları əmələ gəlməyə başlayır. Fırçalama prosesi təxminən 1,5-2 dəqiqə davam etməlidir”.

Diş sağlamlığı üçün etməli olduqlarımız isə aşağıdakılardır:

  • Düzgün qidalanma: Minerallarla və vitaminlərlə zəngin qidalar qəbul etməliyik.

  • Ağız boşluğuna qulluq: Gündə 2 dəfə dişləri düzgün bir şəkildə fırçalamaq vacibdir.

  • İldə iki dəfə professional gigiyena: Diş daşlarının təmizlənməsi vacib məqamlardandır.

Bu sadə qaydalara riayət etməklə diş sağlamlığımızı qorumaq mümkündür.

Günay Nəcəfova

Seçilən
0
operativmedia.az

1Mənbələr