13 yaşında didərgin düşdüyüm doğma yurduma ailəmlə, beş uşaqla qayıdıram.
“Report” xəbər verir ki, bunu bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən Qadir Əliyev deyib.
Keçmiş məcburi köçkün qeyd edib ki, yeniyetməlik yaşında çıxdığı Ağdama 45 yaşında qayıdır:
“Bakının Xəzər rayonu, Binə qəsəbəsində, yataqxana şəraitində köçkünlük həyatı yaşamışıq. Amma bu gün öz yurdumuza, evimizə qayıdırıq.
13 yaşım var idi Ağdamdan çıxanda. Çox çətin günlər yaşadıq, itkilər verdik, amma qazandığımız Zəfər bizim bütün yaralarımıza məlhəm oldu. Artıq ailəmlə, beş uşaqla öz evimə qayıdıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (158 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.