İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, görüşdə İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov və qurumun rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər.
Görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə ICESCO rəhbərinə məlumat verib.
"Bu gün Ermənistanın həyata keçirdiyi qlobal hücumların qarşısını almaq üçün ICESCO bütün imkanlara sahibdir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bu gün ICESCO rəhbərinin Qərbi Azərbaycan icmasının rəhbərliyi ilə görüşməsi çox vacib əhəmiyyətə malikdir. Çünki, ICESCO bütün dünyanın hörmət etdiyi kültürəl bir təşkilatdır. Bu təşkilatın rəhbər şəxslərinin Azərbaycana maraq göstərməsi, ölkəmizin mövqelərini izləməsi və Qərbi Azərbaycan icmasına diqqət ayırması bizim üçün əhəmiyyətlidir. Qərbi Azərbaycanla bağlı məqamların beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınması bizim üçün çox önəmlidir. Eyni zamanda icma ilə görüşdə Azərbaycanın maddi-mədəni irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilən cinayətlərlə bağlı da məlumatlar verilib. Çünki, Ermənistan hal-hazırda da Qərbi Azərbaycanın kültürəl mirasına qarşı misli görülməmiş soyqırım hücumları həyata keçirir. ICESCO rəhbərliyinin bu məsələni diqqətə alması, Azərbaycanın bütövlükdə islam dünyası üçün əhəmiyyətini qeyd etməsi ölkəmizin tarixi dəyərlərinə qarşı Ermənistanın həyata keçirdiyi hücumların qlobal ifşası baxımından vacib əhəmiyyətə malikdir. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin Ermənistan tərəfindən soyqırıma məruz qalma məsələsini qaldıracaq. Bu gün Ermənistanın həyata keçirdiyi qlobal hücumların qarşısını almaq üçün ICESCO bütün imkanlara sahibdir".
Çiçək Sadatova