"Bu razılaşma Rusiya tərəfindən Ukraynanın aldadılması üçün istifadə olunan Budapeşt Memorandumu kimi yeni bir sənədə çevrilə bilər..."
ABŞ, Ukrayna və Rusiya arasında imzalanacaq "çirkin" saziş gözlənilən bir addımdır və yalnız müvəqqəti olaraq Moskvanın təcavüzünü dayandıra bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" üçün yazdığı məqalədə jurnalist və köşə yazarı Ceymi Dettmer bildirib.
Onun fikrincə, ABŞ-ın təhlükəsizlik zəmanəti və Ukraynaya müasir silahların verilməsini nəzərdə tutan qəti strategiya olmadan bu razılaşma Putinin Ukraynanı ələ keçirmək planının növbəti mərhələsinə çevriləcək.
Donald Tramp prezidentliyinin ilk 100 günü ərzində, vəd verməsinə baxmayaraq, müharibənin dayandırılmasına nail ola bilmədi. Tramp və Zelenskinin Papa Fransiskin dəfn mərasimində keçirdiyi qısa görüşdən sonra Vaşinqton nikbin görünür, amma nəticələr hələ də qeyri-müəyyəndir. Hər iki prezident danışıqları "məhsuldar", Zelenski isə "tarixi" adlandırıb.
Senator Marko Rubionun katibi etiraf edib: "Biz sülh razılaşmasına yaxınlaşmışıq, amma hələ kifayət qədər yaxın deyilik". Bu açıqlamalar fonunda Tramp irəliləyiş olmazsa danışıqlardan çıxmaqla hədələyir.
Bu arada Trampın Zelenskiyə münasibəti tənqidi olaraq qalır, Putinə isə daha yumşaq yanaşır. Xüsusi nümayəndə Stiv Uitkoff isə Kremlə yaxın tezisləri səsləndirərək, Putinin Trampa qarşı sui-qəsddən sonra onun üçün "dua etdiyini" söyləyib.
"Dəhşətli saziş"
Keçən həftə Tramp ilk dəfə Kiyevə qarşı genişmiqyaslı raket hücumundan sonra Putini açıq tənqid edib: "Vladimir, dayan!" xəbərdarlıqla sanksiyalarla hədələyib. Amma bu Moskvanın mövqeyini dəyişdirməyə yetərli olubmu?
Bunun əksinə, Rusiya xarici işlər naziri Sergey Lavrov ilhaq edilmiş ərazilərlə bağlı tələbləri sərtləşdirib. Sülh razılaşmasına yaxınlıq barədə bəyanatlar əvvəllər də səsləndirilib, amma məzmun dəyişməz qalıb: Ukraynanın NATO-ya üzvlükdən imtinası, bir sıra ərazilərin itirilməsi, Krımın Rusiya ərazisi kimi tanınması və Moskvaya qarşı sanksiyaların ləğvi.
Əvəzində Kiyevə avropalı müttəfiqlərdən "etibarlı təhlükəsizlik zəmanətləri" təklif olunur, amma detallar açıqlanmır. ABŞ isə Ukraynanın faydalı qazıntılarından gəlir payı və Zaporojye AES vasitəsilə enerji təchizatına nəzarət əldə edəcək.
Dettmer bildirib: "Bu Ukrayna üçün şübhəsiz ki, dəhşətli bir sazişdir. Qan tökülməsi dayana bilər, amma Kiyev bu amansız müharibədən yalnız parçalanmış vəziyyətdə çıxacaq və heç bir real təhlükəsizlik zəmanətinə malik olmayacaq. Çünki Vaşinqton avropalıları dəstəkləməkdən imtina edir. Rusiya tərəfindən törədilmiş müharibə cinayətləri üçün heç bir məsuliyyət olmayacaq, Moskvadan vurulmuş ziyanın qarşılığında isə heç bir aydın kompensasiya ödənməyəcək".
Trampın Ukrayna üzrə keçmiş müşaviri Kit Kelloq vurğulayıb: "Biz ukraynalılara deyirik: "Danışıqlar masasına oturmalısınız, əks halda dəstək kəsiləcək". Amma ABŞ Putinə deyir: "Ya danışıqlara başla, ya da biz ukraynalılara sizi döyüş meydanında məğlub etmək üçün lazım olan hər şeyi verəcəyik". Lakin reallıqda Vaşinqton yalnız birinci hissəni həyata keçirib.
"Onlar sizi aldadacaqlar..."
Bu razılaşma İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq sərhədlərin zorla dəyişdirilməsinə yol açan təhlükəli presedent yaradır. Gözlənildiyi kimi, Ukrayna ərazilərinin bir hissəsini itirəcək, çünki Qərb müharibənin əvvəlindən etibarən qərarsız davranıb. "Rusiya qoşunları hələ 2022-ci ildə məğlub edilə bilərdi", - keçmiş rusiyalı diplomat Boris Bondaryov bildirib.
Qərbin vədləri, sanksiyaları və zəif reaksiyaları yalnız Rusiyanın xeyrinə işləyib. Bu razılaşma Putinin qələbəsini rəsmiləşdirəcək, dünyadakı avtokratların mövqeyini gücləndirəcək və Ukraynanı cəzalandıracaq. Real təhlükəsizlik zəmanətləri olmadan bu saziş Budapeşt Memorandumu kimi təsirsiz qalacaq. Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov xatırladır:
"Onlar sənədlərə imza ata bilər, amma razılaşmalara əməl edəcəklərmi - bu, artıq başqa məsələdir. Budapeşt Memorandumunu xatırlayın? Fransa prezidenti Mitteran sənədə imza atmaqdan imtina etdi və prezidentimiz Leonid Kuçmanı xəbərdar etdi:
"Cavan oğlan, onlar sizi aldadacaqlar". Kuçma bu hekayəni mənə danışıb. 30 il sonra rusiyalılar məhz bunu etdilər, onlar bizi aldatdılar". Ukraynanın qarşısındakı digər təhlükə isə daxili siyasi böhrandır: ərazilərdən imtina konstitusiyada dəyişikliklər və referendum tələb edir. Putin isə bu fikir ayrılıqlarından istifadə edərək Ukraynanı işğal etməyə davam etməyə çalışacaq.