Azərbaycan milli komandasının sabiq hücumçusu, hazırda AFFA-nın Kütləvi Futbol Departamentinə rəhbərlik edən Fərrux İsmayılov və qadınlardan ibarət yığmanın futbolçuları Mançester Mollayeva və Günay İsmayılova neyromüxtəlifliyi olan şəxslərlə görüşüblər.

Offsideplus.az xəbər verir ki, görüş AFFA-nın təşkilatçılığı və Birgə və Sağlam İctimai Birliyin təşəbbüsü ilə baş tutub.

Görüşdə ölkənin ilk və tək inklüziv kafesi olan “Kashalata”da çalışan 10 neyromüxtəlifliyi olan əməkdaşlar iştirak ediblər.

Milli komandamızın futbolçuları mərkəzin ərazisini gəzib, neyromüxtəlifliyi olan əməkdaşların əl işləri ilə tanış olublar.

Görüşdə AFFA-nın sosial və ətraf mühitin dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva da qatılıb.

Tədbirin sonunda Birgə və Sağlam İctimai Birliyin rəhbəri Aytən Eynalovaya AFFA-nın xatirə hədiyyəsi təqdim olunub.

Bu cür görüşlərin təşkilində məqsəd uşaqların rifahını yüksəltmək, təşkilatın sosial məsuliyyət və inklüzivlik dəyərlərinə sadiqliyini göstərmək, eyni zamanda inklüziv mühitin yaradılması, onların fərdi ehtiyaclarını, qarşılaşdıqları çətinlikləri və güclü tərəflərini daha yaxşı anlamaqdır.