Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qüdrət Pənahovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli bəraət hökmü ləğv edilib. Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib və o, dərhal məhkəmə iclas zalından həbsə alınıb.
İttihama görə, Qüdrət Pənahov 2020-ci illərdə ASC-lərdən birinin Yardımlı rayonu Sırıq kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləyib. O, buğda toxumu məhsulların satışından əldə edilməli olan 133 725,02 manat məbləğində pul vəsaitindən 132 045,02 manat pul vəsaitini ASC-nin hesabına daxil edib. Lakin təqsirləndirilən şəxs yerdə qalan 1 679,71 manat pul vəsaitini həmin şirkətin hesabına daxil etməyərək, ümumilikdə 57 401,22 manat dəyərində məhsulu − özgənin əmlakını mənimsəmə yolu ilə talayıb.
Kamal Məmmədov