"Liverpul" növbəti mövsüm üçün heyət planlamasına start verib.
90deqiqe.Az xəbər verir ki, komandanın əsas sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldun yay transfer pəncərəsində "Real Madrid"ə keçməyə hazırlaşdığı bildirilir. Bu səbəbdən "qırmızılar" onun yerini doldura biləcək yeni müdafiəçi axtarışındadır.
"Liverpul"un diqqətində olan əsas namizədlərdən biri "Barselona"nın müdafiəçisi Jül Kundedir. 26 yaşlı futbolçu son dövrlərdə göstərdiyi performansla bir sıra klubların maraq dairəsinə düşüb.
Xüsusilə fransalının həftə sonu keçirilən İspaniya Kral Kubokunun finalında "Real Madrid"ə qarşı nümayiş etdirdiyi oyun böyük rezonans doğurub. Əlavə vaxtda komandasının qələbə qoluna imza atan Kunde, rəqibin cərimə meydançası yaxınlığında topa dəqiq zərbə vuraraq topu sol alt küncə göndərib və matçın qəhrəmanına çevrilib.
Mümkün transfer halında, Kunde "Liverpul"un müdafiə xəttinə güc qatmaqla yanaşı, komandanın sağ cinahında yeni liderə çevrilə bilər.
Nüfuzlu Transfermarkt portalı Jules Kundeni 60 milyon avro dəyərində qiymətləndirir.