"Bu peyk orbitdə Rusiyanın ABŞ peyklərini məhv etməyə qadir nüvə silahının yerləşdirilməsi proqramı ilə əlaqəlidir..."
Kosmosa nəzarət edən Amerika şirkətləri Rusiyaya məxsus "Kosmos-2553" peykinin "nəzarətsiz fırlanmasını" aşkar edib. ABŞ-da bu peyki Moskvanın yeni növ nüvə silahı hazırlama proqramı ilə əlaqələndirir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ-ın Rusiyanın peyk əleyhinə kosmik nüvə silahı hazırlama proqramı ilə əlaqələndirdiyi "Kosmos-2553" peyki görünür ki, sıradan çıxıb. Bu nəticəyə orbitdəki peykləri izləyən Amerikanın "LeoLabs" və "Slingshot Aerospace" analitik şirkətləri gəlib.
Onların bildirdiyinə görə, ötən ildən etibarən bu peykin qeyri-adi davranışı müşahidə olunub, xüsusilə də mütəxəssislərin fikrincə, peykin idarəsiz şəkildə fırlanması qeyd edilib.
"Müşahidələr peykin artıq işlək vəziyyətdə olmadığını inandırıcı şəkildə göstərir," - "LeoLabs"-ın həmin gün Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin illik kosmik təhlükələrə dair hesabatında qeyd olunub.
"Kosmos-2553" peyki 5 fevral 2022-ci ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə həftə öncə orbitə buraxılıb. Peyk Yerdən təxminən 2000 kilometr yüksəklikdə, yüksək kosmik radiasiya zonasında dövr edir, bu cür ərazilərdən rabitə peykləri adətən uzaq durur.
Moskva bildirir ki, cihaz radiasiya səviyyəsini ölçmək və radar kəşfiyyatı aparmaq üçün nəzərdə tutulub. Lakin 2024-cü ildə ABŞ rəsmiləri bəyan edib ki, bu peyk Rusiyanın "Starlink" kimi peyk sistemlərini məhv etməyə yönəlmiş nüvə silahı hazırlama proqramının bir hissəsidir.
Bundan öncə ABŞ rəsmiləri bu cihazın orbitə buraxılmasının əsl məqsədləri ilə bağlı narahatlıqlarını ifadə edib. Moskvanın rəsmi versiyasına görə, "Kosmos-2553" peyki radar kəşfiyyatı, Yerin ətrafındakı radiasiya səviyyəsinin ölçülməsi və yüksək radiasiya şəraitində bort cihazlarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
ABŞ-ın Kosmik Komandanlığı bildirib ki, bəyan edilən məqsədlər peykin texniki xüsusiyyətləri ilə uyğun gəlmir. Vaşinqtonda şübhə edilib ki, bu cihaz Rusiyanın orbitdə ABŞ peyklərini məhv etməyə qadir nüvə silahı yerləşdirmə proqramı ilə əlaqəlidir.
Xüsusilə, Rusiyanın hücum edəcəyi ehtimal olunan hədəflər arasında Ukrayna ordusuna rabitə xidməti göstərən "Starlink" şirkətinin peyk qruplaşması da qeyd olunub. Bu səbəbdən, Rusiyada həmin obyektlər qanuni hərbi hədəf hesab edilib.