“Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXXII turunun “Araz-Naxçıvan”la oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Premyer Liqada qalmaq şansınızın Madi Ketanın son dəqiqələrdəki qol epizodunu boşa verməsilə əldən çıxdığını demək olar?
– Ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə də olmasın? Biz onlara güvən verməliyik ki, bu durumdan çıxaq. Ümidliyik, sona qədər mübarizə aparacağıq.
– Qalib gəlsəydiniz, “Kəpəz”lə xal fərqiniz 5-ə enəcəkdi. Gəncə klubu ilə müqayisədə, son 4 turda sizi hardasa daha uyğun rəqiblərlə oyunlar gözləyir…
– Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda “Şamaxı” ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Çətindir, yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik.
– Demək olar ki, bu gün 2 xal itirdizniz?
– Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu dəyərləndirsəydi, 3 xal qazansaydıq, daha gözəl olardı.
– “Kəpəz”i qarşıda “Neftçi”, “Qarabağ” və “Turan Tovuz”la ağır oyunları var. Sizdə isə qrafik bir qədər yumşaqdır. Bu, sizə ruh yüksəkliyi gətirir?
– Dediyinizi biz də analiz edirik. Ümidimizi üzmürük. Futbolda hər şey mümkündür. Allah qoysa, bu durumdan çıxaq, ondan sonra başqa söhbətlər edək.
– “Zirə” ilə görüşdə son saniyələrdə qol buraxdınız, bu gün Rüfət Abdullazadənin tirdən qayıdan zərbələri var idi. Hətta vurduğunuz qol zamanı da top qapıya daxil olmaq istəmirdi. Sanki şanssızlıq yaşayırsınız?
– Biz ümidimizi üzmürük. Təki, Allah bizə kömək olsun. Ən sonda qisməti verən Allahdır. Nəsibimizdə varsa, olacaq.